Olimpiya Festivalında daha bir yarış gününün yekunları

XV Avropa Gənclər Yay Olimpiya Festivalı sabah başa çatır – iyulun 21-dən başlayaraq qitənin 48 ölkəsinin 2 mindən çox idmançısı bu müddətdə 10 növdə bacarıqlarını nümayiş etdirirlər.

Mübarizəyə güləş yarışları ilə əla start verən Azərbaycan komandası ilk günlər lider mövqedə qərarlaşdı, amma 4-cü yarış günü təşkilatçı ölkənin idmançılarını Rusiya atletləri zirvədən sıxışdırmağı bacardı. Bununla belə, yerli atletlər finiş ərəfəsində ikinciliyini qoruyur.

Bakı Festivalında çempionluq sevinci yaşayan ölkələrin sırasına bu gün daha 4-ü qoşuldu. Bunlar Çexiya, Danimarka, İsrail və Kosovadır. Bununla atletləri qızıl medal qazanmış iştirakçıların sayı 26-ya yüksəldi. Mükafat əldə edən ölkələrin sayı isə 3 vahid artaraq 37 oldu. Bu da o anlama gəlir ki, medal sevinci yaşamaq nəsibi olmayanların sayı cəmi 11-dir. Yəqin ki, Festivalın sonuncu günü, yəni sabah bu statistik rəqəmlər müsbət yöndə dəyişəcək.

Finişə bir addım qalmış hesabında 25 çempionluq olan və 14 gümüş və 19 bürünc qazanan Rusiya komandasının Bakı yarışlarının qalib olacağı artıq heç kimdə şübhə doğurmur. Sonrakı pillələrdə qərarlaşmış Azərbaycan və Türkiyənin gənc idmançıları hərəyə 10 çempionluğu bayram ediblər, lakin təşkilatçı ölkədə gümüş sayı çox olduğundan onlar 2-ci, türklər 3-cü sıradadır. Onları 8 qızıl medalla Böyük Britaniya və 7 çempionluğu olan İtaliya atletləri təqib edirlər.

Medalların ümumi sayında da Rusiya lidrdir – komandanın aktivində 58 mükafat var. Türkiyə 24 medalla 2-ci, Azərbaycan 23 mükafatla 3-cüdür. Üç ölkə idmançıları – Böyük Britaniya, İtaliya və Ukrayna hərəyə 22 medala sahibdir.

Yarış gününün əsas hadisələri sırasında söz yox ki, bir atletin 3-cü dəfə çempion olması xüsusi diqqət çəkir: Türkiyə üzgüçüsü Berli Böcekler 200 və 400 metr məsafələrə sərbəst üzmənin ardınca, 800 metrdə də 1-ci olmaqla özünəməxsus rekorda imza atıb.

Beləliklə, gənc olimpiyaçıların Bakı sınağı yekunlaşmaq üzrədir, amma irəlidə daha bir yarış günü var və bütün sualların cavabı da məhz sabah, iyulun 27-də veriləcək.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.