“AZERÇAY” “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi tərəfdaşı olub

İyunun 27-i “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə “AZERÇAY” arasında rəsmi dəstəkçi müqaviləsi imzalanıb. “AZERÇAY” — qida məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan brendi  “Azersun Holdinq"in ticarət markasıdır.

Sazişə əsasən “AZERÇAY” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi statusunu alır və festivalın təşkil olunmasında yaxından iştirak edir. Belə ki, “AZERÇAY” milli brend olaraq həm gələcək qonaqların - idmançılar və texniki heyətin, həm də yerli əməkdaşların çay təminatını heyata keçirəcək. Bununla bərabər, AZERÇAY bütün idman məkanlarında, həmçinin Atletlər kəndində Azərbaycanın çay mədəniyyətinin təbliğatı üçün xüsusi guşələr quraşdıracaq.

"AZERÇAY" ilə bağlanan sazişi şərh edərək gənclər və idman naziri Azad Rəhimov deyib: "AZERÇAY" ilə bağlanan bu razılıq çox sevindirici bir haldır. Bu brend ilə bizim artıq bir çox beynəlxalq idman yarışlarında iş birliyimiz olub, biz çox şadıq ki, bu dəfə də biz öz milli məhsulumuzu dünya arenasında təbliğ etmək imkanı əldə edirik”.

“Azersun Holdinq”in baş direktoru Savaş Uzan dedi: "Azərbaycan öz çay adət-ənənəsi ilə bütün dünyada məşhurdur. Bu razılıq sayəsində, biz əlimizdən gələni edəcəyik ki, ölkəmizi ziyarətə gələn festivalın bütün qonaqları - idmançılar, rəsmi nümayəndələr və tamaşaçılar Azərbaycanın bütün dünyada tanınan isti münasibəti və qonaqpərvərliyi ilə tanış olsunlar".

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.