Sağ ol, Bakı! Salam, Banska-Bistritsa!

İyulun 21-də Bakıda startı verilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı bu gün təntənəli bağlanış mərasimi ilə yekunlaşdı. Düz bir həftə Azərbaycan paytaxtının idman arenaları gənclərin ixtiyarında oldu və qitənin 48 ölkəsinin 2 mindən çox atleti 10 növdə bacarığını nümayiş etdirdi. Yüksək nəticələr əldə olundu, gənc atletlər mübariz keyfiyyətlər nümayiş etdirdilər və bəzən əsl peşəkarlara xas əzmkarlıqla diqqət mərkəzinə düşdülər.

Startda Azərbaycan güləşçiləri fantastik idilər və məhz pəhləvanlarının sayəsində yerli komanda ilk günlər yarış cədvəlinə başçılıq etdi. Amma idman növlərinin əhatə dairəsi genişləndikcə vəziyyət Rusiya atletlərinin xeyrinə dəyişdi və onlar əldə etdikləri zirvəni qoruyaraq Bakı Festivalını qalib bitirdilər.

Yekun cədvələ nəzər yetirdikdə görürük ki, Rusiya idmançıları bütün göstəricilərdə liderdirlər - ən çox qızıl medal da onların hesabındadır, ən çox ikincilik və üçüncülük də və təbii ki, mükafatların ümumi sayında da – 28 qızıl, 17 gümüş, 21 bürünc, cəmi 66 medal.

İlk üçlükdə qərarlaşan Böyük Britaniya və Türkiyə idmançıları hərəyə 11 çempionluq sevinci yaşayıblar, amma Dumanlı Albion təmsilçilərində gümüşün sayı çox olduğundan 2-ci pillədə məhz onları görürük. Fəxri kürsünün qızıl pilləsinə 10 dəfə yüksəlmiş Azərbaycan komandası isə mübarizəni 4-cü pillədə tamamladı.

Qızıl medalı yalnız sonuncu yarış günü qazana bilən Kipr idmançısının sayəsində çempionuğu olan ölkələrin sayı 27-yə çatdı, onlardan isə yalnız 8-nin aktivində ən yüksək əyarlı mükafat sayı 1-dir. Mübarizəni mükafatçılar sırasında bitirməyə müvəffəq olmuş ölkələrin sayı isə 37 oldu – yəni, cəmi 11 ölkənin təmsilçiləri Bakını medalsız tərk etdi.

66 medalla ümumi sayda lider olan Rusiyanı 28 dəfə fəxri kürsüdə yer almış Fransa izləyir, ilk üçlüyü isə 27 mükafatla Türkiyə komandası qapayır. Hesabında 23 medal olan Azərbaycan 8-ci mövqedə qərarlaşdı.

Bütün bunlar məsələnin statistik tərəfidir və mütəxəssislərin, jurnalistlərin də qeyd etdiyi kimi, əsas olan gənc idmançıların, gələcək olimpiyaçıların qazandığı beynəlxalq yarış təcrübəsi, duyduqları Olimpiya ab-havasıdır. Bu amillər isə gələcəkdə daha böyük idman nailiyyətlərinin əldə olunmasında son dərəcə əhəmiyyətli və vacibdir.

 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.