Raşidat Adeleke: “Qaçarkən rəqiblərim tərəfə heç baxmıram”

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında iki çempionluq qazanan azsaylı atletlərdən biri də İrlandiya təmsilçisi Raşidat Adelekedir.

Qızların 100 və 200 metr məsafəyə qaçış yarışlarında fəxri kürsünün qızıl pilləsinə qalxmış atlet Bakı yarışının möhtəşəmliyini, burada azarkeşlərin idmançıları layiqincə dəstəklədiyini diqqətə çatdırıb. “Mən atletikayla 12 yaşımdan məşğul oluram. 2017-ci ildə Macarıstanda keçirilmiş analoji yarışda, eləcə də Finlandiyanın ev sahibliyi etdiyi dünya çempionatında mübarizə aparmışam”, - deyən Raşidat Adeleke fikrini belə yekunlaşdırıb:

“Qaçarkən rəqiblərim tərəfə heç baxmıram. Bütün fikrimi yarışa, mübarizəyə yönəldirəm. İdmana bağlı olmaq çox gözəldir. Bakıda festival möhtəşəmdir, burada hər şey parlaq və rəngarəngdir. Hamı bir-biri ilə çox mehriban davranır. Vaxtımı stadionda keçirməkdən zövq alıram”.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.