Rusiya idmançıları komanda hesabında liderliyini möhkəmlətdi

XV Avropa Gənclər Yay Olimpiya Festivalında daha bir yarış günü maraqlı və gərgin mübarizə elementləri ilə yekunlaşdı. Dünənki mübarizənin yekununda komanda hesabında liderliyə yüksələn Rusiya idmançıları bu gün daha 5 qızıl medal qazanmaqla mövqeyini bir qədər də möhkəmlətdi.

Startdan zirvəni ələ keçirən təşkilatçı ölkə Azərbaycan komandası dünən cəmi bir çempionluğa sevinmişdisə, bu gün hətta minimum nailiyyəti də əldə edə bilmədi və günü yalnız 1 gümüşlə başa çatdırdı. Nəticədə hesabına 2 qızıl medal yazmış Türkiyə idmançıları artıq onları sıxışdırmağa çox yaxındır. Dəqiq rəqəmlərə gəlincə, son iki yarış günü ərəfəsində Rusiya 18 qızıl, 10 gümüş və 14 bürünclə inamla 1-ci pillədə qərarlaşır. Hesabında liderin yarısı qədər - 9 qızıl, eləcə də 6 gümüş və 5 bürünc olan Azərbaycan atletləri hazırda 2-cidir. Lakin indi Türkiyənin gənc olimpiyaçıları 8 çempionluq, 5 gümüş və 5 bürünclə 3-cü sıradadır. İlk 5-lik isə hərəyə 6 çempionluğu olan Böyük Britaniya və İtaliya komandaları ilə qapanır.

Yarış günü daha 5 ölkənin idmançıları qızıl medal qazanmağın sevincini yaşadılar – bunlar Niderland, Finlandiya, Fransa, Bolqarıstan və İsveçdir. Mükafatçılar sırasına düşmüş ölkələrin sayı isə 7 vahid artaraq 35-ə çatdı. İndi Bakı yarışlarında iştirak edənlərdən medal əldə edə bilməyən ölkələrin sayı 13-dək azalıb. Medalların ümumi sayına gəlincə, 42 medalla bu nominasiyada da Rusiya atletləri 1-ci yerdədir və ən yaxın izləyicizi, 20 mükafat əldə etmiş Azərbaycan komandasından fərqli şəkildə irəlidədir. 3-cü yerdə isə artıq Türkiyə deyil, hesabında 19 medal olan Almaniya atletləri qərarlaşır.

Komanda hesabında mövqelərin dəyişib-dəyişməyəcəyi böyük ölçüdə sabahkı mübarizədən asılıdır. Bu isə onu deməyə əsas verir ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalında ən mühüm məqamdır və idmansevərləri son dərəcə maraqlı yarışlar gözləyir. 
        

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.