Rusiya üzgüçüləri daha iki növdə çempion oldular

Rusiya idmançıları XV Avropa Gənclər Yay Olimpiya Festivalında həm qızlar, həm də oğlanlar arasında 4x100 metr məsafəyə kompleks üzmə yarışlarında çempion olublar.

Maraqlıdır ki, hər iki növdə gümüş medalı da eyni ölkənin - Böyük Britaniyanın üzgüçüləri qazanıblar. Bürüncə gəlincə, bu cəhətdən oğlanların mübarizəsində Fransa, qızların yarışında isə İtaliya üzgüçüləri fərqləniblər.

Qızlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Rumıniya idmançısı Bianka Kostea finişə birinci çatıb. Serbiya üzgüçüsü Nina Stanisavleviç 2-ci, Niderland təmsilçisi Milou Van Viyk isə 3-cü pillədə qərarlaşıblar.

Üzgüçü qızların 200 metr məsafəyə fərdi kompleks üzmə yarışında Böyük Britaniya idmançısı Keyti Şanahan rəqibləri üçün əlçatmaz olub. İtaliyalı Çiara Fontana gümüş medal qazanıb, ilk üçlüyü isə Türkiyə üzgüçüsü Dəniz Ertan tamamlayıb.

Oğlanlar arasında 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında isə Rasmus Nikelsen (Danimarka) çempion olub, Hubert Kos (Macarıstan) 2-ci, Pavel Urinyuk (Polşa) isə 3-cü nəticə göstərib.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.