Oyunlara 100 gün qaldı!

12 Aprel 2019-cu il tarixdə İtaliyanın paytaxtı Roma şəhərində bizim eranın 9-cu əsrində Dostluq və Qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 2019-cu il 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutdu.

Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edirdi.

Proqrama əsasən ilk olaraq media nümayəndələri üçün nazir Azad Rəhimov, MOK vitse prezidenti Çingiz Hüseynzadə, AOK-nin prezidenti Yanez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfranası keçirildi.

Müxtəlif media qurumlarının iştirakı ilə baş tutan mətbuat konfransında Bakıda iyul ayında gerçəkləşəcək 15-ci Avropa Olimpiya Gənclər Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib.

AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını və Avropa Olimpiya Gənclər Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirdi.

Daha sonra tədbirin rəsmi açılış mərasiminə start verildi. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov məhz bu gündən etibarən yarışlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırdı.

Nazir Azad Rəhimov çıxışında deyib: “Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi “Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə oyunların məşəli qədim Romadan, tarixi Bakıya, Odlar diyarına gedəcək. Eyni zamanda, Qədim Zeytun Ağacı da, Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclər Olimpiya Festivalının dərin köklərini nümayiş etdirmiş olur.”

Proqramın davamı olaraq, sülhün rəmzi olan Zeytun ağacı AOK-nin rəsmiləri tərəfində Azərbaycan nümayəndə heyətinə təqdimat edilib.

Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov (Yunan roma güləşi. Olimpiya çempionu 2004, Dünya çempionu 2007, 2009), cüdoçu Kəramət Hüseynov (2017, U23 Avropa çempionatı bürünc medal və 2018 Böyüklər arasında Avropa kuboku, bürünc medal) və voleybolçu Raziyə Əliyeva (2018 Yeniyetmələr arasında Voleybol çempionatı, qızıl medal) iştirak ediblər.

Daha çox, nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanez Koçijançiçə, o isə gənc Raziyə Əliyevaya təqdim etdi.

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.