İsveç 3-cü, İsrail ilk çempionluğunu qazandı

"EYOF 2019"un atletika yarışlarında daha iki növdə mübarizə başa çatıb – qızların üç təkanla uzunluğa tullanma və oğlanların 3000 metr məsafəyə qaçış yarışlarında qaliblər məlumdur.

Qızların üç təkanla uzunluğa tullanma yarışında İsveç atleti Maya Aaskaq 13,26 m nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qalibdən 18 m geri qalan Fransa təmsilçisi Lesli Raffin gümüş, Moldova idmançısı Yuliana Dabiya isə 12,98 m nəticə ilə bürünc medala yiyələnib. Qeyd edək ki, Azərbaycan atleti 3-cü olmağa çox yaxınlaşıb, amma Sabrina Zralovaya bunun üçün 23 sm çatmayıb.

Oğlanların 3000 metr məsafəyə qaçış yarışı isə İsrail atleti Adisu Quadienin qalibiyyəti ilə yekunlaşıb. Onun nətixəsi 8 dəqiqə 35 saniyə təşkil edib. Bu, İsrail komandasının Bakı meydanlarında ilk çempionluğudur. Gümüş medala liderə cəmi 3 saniyə uduzan fransız Luk Le Baron sahib olub, bürüncü isə sloveniyalı Vid Botolin (8,39 dəqiqə) qazanıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.