İdman gimnastikası: 5 növdə qaliblər məlumdur

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında 5 alət üzrə hərəkətlərdə qaliblər müəyyənləşib.

Qğlanlar arasında idman atı üzərində hərəkətlərdə Festival çempionu adını 13,900 xalla Ukrayna atleti Nazar Çepurnı qazanıb. Azərbaycan idmançısı Səməd Məmmədli 13,600 xal toplamaqla gümüş medala sahib olub.

3-cü yeri isə Ukraynanın başqa bir atleti Volodimir Kostyuk tutub – onun nəticəsi 13,533 xal təşkil edib.

Sərbəst hərəkətlərdə Ukrayna idmançıları ilk iki pillədə qərarlaşıblar: Nazar Çepurnı 14,300 xalla qızıl, İlya Kovtun isə 14 xalla gümüş medal əldə edib. Rusiyalı İvan Kulyak 13,966 xalla yarışı üçüncü pillədə bitirib.

Halqalarla çıxışda Rusiya atleti Muhammadcan Yakubov 13,500 xalla qalib gəlib. Ukrayna təmsilçisi Nazar Çepurnı 13,466 xalla gümüş, rusiyalı İvan Kulyak isə 13,333 nəticə ilə bürünc medal əldə edib.

Qızların dayaqla tullanma yarışında Rusiya idmançısı Viktoriya Listunova 14,166 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı Anastasiya Motak (14,016 xal) və Rumıniya gimnastı Sfirinqu-Qeorq Silviana Mariya (13,983) isə, müvafiq olaraq, gümüş və bürünc medalları əldə ediblər.

Qızların müxtəlif hündürlüklü qollarda yarışında da rusiyalı Viktoriya Listunova uğurla çıxış edərək 14,300 xalla bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı İrina Komnova 13,733 xalla 2-ci, Rumıniya atleti İoana Stanciulesku isə 13,366 xalla 3-cü yeri tutub.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.