Güləş: Azərbaycan ilk yarış gününü 4 medalla tamamladı

Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışları Heydər Əliyev adına İdman Sarayında keçirilir. Azərbaycan milli komandası ilk mübarizə gününü 4 medalla tamamlayıb.

Sərbəst güləşçi, 55 kq çəkidə yarışan Əbülfəz Nəsirov britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlub edərək finala çıxıb. Çempionluq mübarizəsində onun rəqibi Simone Vinçenzo Piroddu olub. Həlledici qarşılaşmada 10:5 hesabı ilə üstün olan İtaliya pəhləvanı 1-ci yeri tutub, Əbülfəz Nəsirov isə gümüş medalla kifayətlənib. Bürünc medallara gəlincə, Benedek Kiss (Macarıstan) və Maqomedemi Eltemirov (Rusiya) 3-cü nəticə göstəriblər.

Beləliklə, Azərbaycan güləşçiləri Festivalın startında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla fərqləniblər. Çempionluğu yunan-Romada Murad Sadıqlı (45 kq), sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) bayram edib, gümüş medala sərbəst güləşdə Əbülfəz Nəsirov (55 kq) yiyələnib, bürüncə isə yunan-Romada Nihad Məmmədli (55 kq) sahib çıxıb.
 

Materiallar AZƏRTAC-ın məlumat dəstəyi ilə hazırlanıb.